QURANDA  SƏDAQƏT


Allah Sevgisi



Bir insanın hər hansı bir şəxsə və ya varlığa sadiq qalması, bütün həyatını onun istək və razılığı üzərində qura bilməsi yalnız ona güclü və dərin sevgi bəsləməsi ilə mümkün ola bilər. Bir-birlərini saxta sevgi ilə sevən insanlar isə həqiqi sədaqəti əsla yaşaya bilməzlər. Amma burada çox önəmli bir məqam var; bu insanlar bir-birlərini sevib bağlansalar da, bu bağlılıqları cahil cəmiyyətin meyarlarına görə formalaşdığı üçün Allahın Quranda bildirdiyi həqiqi sədaqət və sevgi duyğusundan yenə də çox uzaqdır.

Həqiqi sevgi və bağlılıq insanın ancaq Allahın böyüklüyünü və imanı qavraması ilə yaşana bilər. İnsan dərin sevgi və sədaqəti əsas olaraq Rəbbimizə yönəltməlidir. Allaha qarşı bu dərin sevgi və bağlılığı duyan insanlar Onun razı qalacağı əxlaqı yaşayan insanlara qarşı da çox dərin və səmimi sevgi bəsləyərlər. Beləcə, həqiqi sevgi də ancaq Allahdan qorxan, Ona qarşı dərin sevgi və hörmət bəsləyən insanlar arasında yaşanır. İnkar edənlərin sevgi anlayışları isə tamamilə dünyəvi dəyərlər üzərində qurulduğu üçün möminlərin yaşadığı dərinlikdən və daimilikdən çox uzaqdır.

Möminlərlə inkar edənlərin sevgi anlayışları kimi, sədaqət anlayışları da bir-birindən tamamilə fərqlidir. İnkarçılar Allahın “Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74) ayəsi ilə açıqladığı kimi, Allahın sonsuz gücünü və ucalığını, Onun insanlar üzərindəki rəhmətini və mərhəmətini lazımınca qavraya bilmədikləri üçün qəlblərini Allaha bağlamazlar. Allaha sevgi və sədaqətlə bağlanmayan insanlar isə nə özləri həqiqi mənada sadiq ola bilər, nə də başqaları onlara sadiq olar. Buna görə güclü sədaqət üçün mütləq güclü Allah sevgisinə ehtiyac var. Allaha qarşı dərin sevgi bəsləyən insanlar isə yalnızca möminlərdir. Allah iman gətirənlərin bu xüsusiyyətini Quranda belə xəbər verir:

...İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)


İman edənlərin güclü bir sədaqət və təslimiyyətə sahib olmalarını təmin edən bir çox səbəb vardır. Möminlər həyatları boyu qarşılaşdıqları hər hadisədə Allahın yardımını, qorumasını və rəhmətini görə bilən insanlardır. Allahın “De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!” (Nəml surəsi, 93) ayəsi ilə açıqladığı kimi, Allah möminlərin qəlblərini gücləndirmək, onların Özünə olan sevgi və bağlılıqlarını artırmaq üçün nəfslərində və ətraflarında meydana gələn hər şeyin haqq olduğunu onlara göstərəcəyini vəd etmişdir. Bu ayənin hökmünə görə, möminlər həyatları boyu başlarına gələn hər şeyin Allahın onlara olan vədinə əsasən reallaşdığını bilərək hərəkət edərlər. Allaha olan imanları, sevgiləri və buna bağlı olaraq da itaət və sədaqətləri hər zaman artar. Allahın hər zaman möminlərin dostu və vəlisi olduğunu, bütün dualarına qarşılıq verdiyini bilir və böyük şövq və həyəcanla Allahın rizasını qazanmaq üçün cəhd edirlər. Başlarına nə gəlirsə-gəlsin, Allaha olan bağlılıq və sədaqətlərində azalma olmaz. Çətinliklər qarşısında Allahın rizasını qazana bilmək üçün Ona itaət edərək səbir edər, Allahı Vəkil bilər və Ona sığınarlar. Bu, möminlərin, həqiqətən də, güclü sədaqət duyğusuna sahib olduqlarının ən gözəl dəlillərindəndir. Allah Quranda möminlərin güclü bağlılıqlarını və itaətkar olduqlarını belə bildirir:

...Yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlər...Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır. (Həşr surəsi, 8)


Allaha güclü sevgi və sədaqətlə bağlı olan möminlər Allahın onlara rəhbər olaraq göndərdiyi elçilərə dərin sevgi, hörmət və sədaqət göstərərlər. Bu bağlılıqlarının qaynağı da yenə Allaha qarşı bəslədikləri sevgi və sədaqətdir.

Peyğəmbərlər Allaha qarşı duyulan sevginin özü ilə bərabər səmimi bağlılığı və itaətkarlığı da gətirəcəyini açıqlayaraq insanları Allaha dərin sevgi ilə bağlanmağa çağırmışlar:

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali İmran surəsi, 31)


Möminlər Allaha və Onun elçisinə qarşı səmimi sevgi bəslədikləri üçün həm Quran əxlaqını yaşamaqda böyük qətiyyət göstərir, həm də bundan böyük zövq və xoşbəxtlik duyurlar.


Allah Qorxusu



Allah sevgisi sədaqətin yaşanması üçün çox önəmli xüsusiyyətdir, amma yalnız bu xüsusiyyət yetərli deyil. Allah sevgisi ilə yanaşı mütləq ki, Allah qorxusu da yaşanmalıdır. Allah qorxusu insanın Allahın əmr və qadağalarına qarşı olduqca ciddi olmasını, Onun bəyənməyəcəyi davranışlardan qətiyyətlə uzaq durmasını, şeytanın və nəfsinin təlqinlərinə qarşı güclü və iradəli olmasını təmin edir.

İnsan zəif olaraq yaradılmışdır. Allah bu həqiqəti “Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.” (Nisa surəsi, 28) ayəsi ilə insanlara bildirir. Nəfs və şeytan insana hər zaman pisliyi əmr edər. Bu şeytani təlqinlərə uymamaq üçün isə güclü iradə və qətiyyət lazımdır. Məhz Allah qorxusu insanın iradəsini daha güclü və möhkəm edir. Allah möminlərə Özündən qorxmalarını Quranda belə əmr edir:

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)


Allah qorxusu insanı həyatının hər anında Allahın istədiyi kimi davranıb, Onu razı etmək üçün çalışmağa, şeytanın və nəfsin istəklərinə, onların hiylə və oyunlarına qarşı diqqətli və tədbirli olmağa sövq edir. Bu da insana bitməyən istəklərini həyata keçirməyə çalışan nəfsin və şeytanın bütün hiylələrini boşa çıxarır.

Buna görə şeytan və nəfs insanı əvvəlcə Allah qorxusundan uzaqlaşdırmağa çalışır. Allah qorxusu əvəzinə, əsas önəmli olanın qəlb təmizliyi olduğu kimi yanlış təlqinlərlə insanın Allahdan qorxub çəkinməsinə mane olmaq istəyər. Halbuki, Quranı oxuyub anlayan şüurlu bir insan şeytanın bu cür təlqinlərinin yalan olduğunu, tamamilə aldatma məqsədli olduğunu asanlıqla görər. Çünki Allah Quranda möminlərə Özündən qorxmalarını əmr etmişdir. Bu əmr Quranın bir çox ayələrində bildirilir. Allahın bildirdiyi bu ayələrdən bəziləri belədir:

...Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir. (Bəqərə surəsi, 196)


... Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız. (Bəqərə surəsi, 203)


Allah qorxusu möminin Allaha dərin sədaqətlə bağlanmasına səbəb olar. Allahın sevgisinin və razılığının ən çoxunu qazanmaq istədikləri, əks təqdirdə, Allahın əzabı ilə qarşılaşa biləcəklərini bildikləri üçün iman gətirənlərin bu sədaqətləri də daimi olur.


 << Geri 


Sənədli Filmlər